21 fevral 2026. Şənbə

Fişer şahmatı üzrə dünya çempionatı 2027-ci ildə yenidən Vaysenhauzda keçiriləcək


  • Offside
  • 13:51 19.02.2026
  • Oxunma sayı: 98
Fişer şahmatı üzrə dünya çempionatı 2027-ci ildə yenidən Vaysenhauzda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə “Freestyle Chess” təşkilatı arasında əldə olunan razılaşmaya əsasən, Fişer şahmatı üzrə dünya çempionatı 2027-ci ildə yenidən Almaniyanın Vaysenhauz şəhərində təşkil ediləcək.

90deqiqe.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə keçiriləcək ilk rəsmi turnirdən sonra mundialın Baltik dənizi sahilində yerləşən Vaysenhauzda davam etdirilməsi təsdiqlənib. Yarışın təqvimi beynəlxalq şahmat kalenderinə uyğunlaşdırılıb.

2027-ci ilin fevral ayının ilk həftəsonu qadınların, ikinci həftəsonu isə kişilərin əsas turniri baş tutacaq. Hər iki kateqoriyada yarışlar üç gün davam edəcək.

Bu il keçirilmiş ilk rəsmi dünya çempionatının nəticələrinə əsasən, norveçli qrossmeyster Maqnus Karlsen qızıl medal qazanaraq titulun sahibi olub. ABŞ təmsilçisi Fabiano Karuana ikinci, Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov isə üçüncü yeri tutaraq 2027-ci il yarışına birbaşa vəsiqə əldə ediblər.

Qadınların mübarizəsində isə Qazaxıstan təmsilçisi Bibisara Assaubayeva növbəti mundialda iştirak hüququnu artıq təmin edib.

Qeyd edək ki, Fişer şahmatı “Chess960” adı ilə də tanınır və klassik şahmatdan fərqli olaraq fiqurların başlanğıc düzülüşü təsadüfi qaydada müəyyənləşdirilir.

Turnirə növbəti təsnifat mərhələsi 2026-cı il aprelin 2-dən 6-dək Almaniyanın Karlsrue şəhərində keçiriləcək “Grenke Freestyle Chess Open” yarışı olacaq. Bu yarışda uğurlu nəticə göstərən şahmatçılar dünya çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.







Offside