- Offside
- 12:32 02.03.2026
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun birinci panel iclasında çıxış edib.
90deqiqe.Az xəbər verir ki, “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” mövzusunda keçirilən iclasda F.Qarayev qadın voleybolçularla iş təcrübəsindən danışıb:
“Mən həmişə qadın voleybolçularla işləmişəm. Buna görə də heç vaxt peşman olmamışam. Biz bu uğurları birlikdə qazanmışıq. Dünya və Avropa səviyyəli turnirlərdə iştirak etmişik. Həm yerli, həm də əcnəbi idmançılarla işləmək imkanım olub. Bu forumda isə gənc həmkarlarımız iştirak edir. Onlara deyə bilərəm ki, məşqçilər yalnız idmançıları hazırlamalı, onların şəxsi həyatına müdaxilə etməməlidir. Biz nə qədər təcrübəli olsaq da, xarici təlimlərdə iştirak etməyə və öyrənməyə davam edirik”.
Baş məşqçi həmçinin qadınlarla işləyən məşqçilərin nəzərə almalı olduğu məqamları vurğulayıb: “Ulduz voleybolçular yetişdirmişik. Amma eyni zamanda ulduz ola biləcək 20-30 qızı itirmişik. Onlar ailəvi və ya digər səbəblərə görə idmandan uzaqlaşmağı seçiblər”.
F.Qarayev əlavə edib ki, məşqçilər də fiziki fəaliyyətlə məşğul olmalıdır: “Bu olmasa, nəticə qazanmaq çətindir. Digər önəmli nüans da odur ki, məşq prosesi çox maraqlı olmalıdır. Həm məşqçi, həm də idmançı məşqdən zövq almalıdır. Əks təqdirdə, idmançı məşqlərə gəlmək istəməyəcək, yayınmağa çalışacaq. Bu baxımdan məşqçinin özündən çox şey asılıdır. Bu, sadəcə voleybolda deyil, bütün idman növlərinə aiddir”.