2 mart 2026. Bazar ertəsi

“Futbolda qalib gələn futbolçular, məğlub olan baş məşqçidir”


  • Offside
  • 12:32 02.03.2026
  • Oxunma sayı: 38
“Futbolda qalib gələn futbolçular, məğlub olan baş məşqçidir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxış edib.

90deqiqe.Az xəbər verir ki, Q.Qurbanov məşqçi peşəsinin çətinliyindən danışaraq, şəxsi sevgisinin və hörmətinin vacibliyini vurğulayıb:

“Məşqçi olmaq çox çətindir. Əgər mən bu gün öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə, heç vaxt yaxşı məşqçi ola bilmərəm”, – deyə baş məşqçi bildirib.

O qeyd edib ki, məşqçi həm lider, həm də menecer rolunu yerinə yetirməlidir:

“Fikrimcə, məşqçi hər zaman lider olmalıdır, xüsusilə futbolda bu xüsusiyyət daha önəmlidir. Cavabdeh bizik. Son qərarları həmişə baş məşqçi verir. Futbolda belə bir anlayış var ki, komanda qalib gəlibsə, futbolçular qalib gəlib, məğlub olubsa, baş məşqçi məğlub olub. Bu yanaşmanı həmişə qəbul etmişəm. Məşqçi həmişə idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara maksimum dəstək göstərmək lazımdır. Düşünürəm ki, 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm. Elə detallar var ki, məşqçi idmançıları daim nəzarətdə saxlamalı və özü də fiziki olaraq çalışmalıdır”.

Baş məşqçi futbolda şərait və infrastruktura da diqqət çəkib:

“Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə getdik və orada şəraitin çox yaxşı olduğunu gördük. Bilirsiniz ki, futbolda ən önəmli şey ötürmələrdir. Biz məşqi yaxşı olmayan meydançada həyata keçirsək, nəzərə alaq ki, hər futbolçunun təxminən 50 ötürmə etməsi çox çətin olacaq. Belə hallar idmançının keyfiyyətini aşağı salır, onlar psixoloji olaraq ruhdan düşürlər. Bu baxımdan biz Avropa futbolundan geridə qalırıq. Bu barədə daim fikirlərimi bildirirəm. Şərait yoxdursa, idmançı inkişaf edə bilmir”.

Q.Qurbanov həmçinin Azərbaycanın istedadlı gənclərinə ümid bəslədiyini bildirib:

“Arzulayıram ki, ölkəmizdə yalnız idmanda yox, bütün sahələrdə ən yaxşı mütəxəssislər yetişsin”.







Offside