- Offside
- 17:18 23.11.2024
“Nikola Yurçeviçlə Xorvatiya televiziyasında oyunları birgə analiz edirdik. Azərbaycandan təklif alanda, onu müşayiət edib-etməyəcəyimi soruşdu. Bu ideya məni heyran etdi”.
Corner.az xəbər verir ki, bunu Avstriyanın “Spox” portalına müsahibəsində futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin köməkçisi Mario Tokiç deyib.
Qırx dörd yaşlı xorvatiyalı mütəxəssis həmyerlisinin ünvanına xoş sözlər söyləyib: “Nikola gözəl insan və yaxşı baş məşqçidir. Bu, mənim üçün yığma ilə ilk işidir. Qərarımdan razıyam. Başlıca problemimiz vaxtdır. Yeni komanda formalaşdırmaq istəyirik. Lakin oyunlara 4-5 gün qalmış çempionat matçlarından sonra bərpa prosesi ön planda olur. Taktiki hazırlıq üzərində çalışmağa imkan tapmırıq. Lakin yanvarda oyunçularla 3-4 həftə işləyəcəyimiz təlim-məşq toplanışımız olacaq”.
M.Tokiç Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində 5 komandanın yer aldığı güclü qrupa düşdüyünü deyib.
O, ölkədə futboldan da populyar növlərin olduğunu bildirib: “Qrupumuzda nisbətən asan olan 6-cı rəqib yoxdur. Çətin olacağını bilirdik. Hələlik milliyə 6-7 gənc istedad cəlb etmişik. Onlar Azərbaycan futbolunda yaxın 10 il üçün baza hazırlamağımız baxımından yaxşı görünürlər. Futbola böyük yatırım var. Amma bir nömrəli idman növü cüdodur. Həmçinin gimnastika da populyardır. Dünya səviyyəsində bir neçə idmançıları var. Onlardan sonra isə futbol gəlir. Azərbaycan futbolu mənə Avstriyadakı əvvəlki illəri xatırladır. Addım-addım irəliləmək üçün işləməliyik. Rəhbər şəxslər qarşılarına böyük məqsədlər qoyublar və idmana çox şey verirlər. Bu cür insanlarla işləmək çox xoşdur. Onlar realistdirlər və bilirlər ki, bizə vaxt lazımdır. Müasir futbol oynamaq üçün öz istedadlarımızı üzə çıxarmalıyıq. Çoxlu sayda yaxşı oyunçumuz var və yüksək səviyyəyə qalxmaq üçün çox işləyirik. Futbol infrustrukturu əladır. Hər kəs Bakıda keçirilmiş UEFA Avropa Liqasının finalından razıdır. Yalnız evdə qalanlar tənqid etdilər. UEFA-nın siyasəti yeni bazarların açılmasından ibarətdir. Azərbaycan bu cür böyük layihələrdə iştirak etməyə layiqdir”.
Xorvatiyalı məşqçi deyib ki, Avropada çox sayda insan Azərbaycanı ümumiyyətlə tanımır: “Çoxlu dezinformasiyalar yayılıb. Lakin bura gələn hər kəs heyran olur. Bakı həyat keyfiyyətinə görə Avropanın ən yaxşı yerlərindən geri qalmayan müasir şəhərdir. Bağçalardan tutmuş universitetlərə qədər təhsil pulsuzdur. Bütün insanların sosial təminatları qorunur və müalicə barədə narahat deyillər. Təhlükəsizlik maksimum səviyyədədir. Ona görə də əhali Prezidentdən çox məmnundur. Bunu hər gün küçədəki söhbətlərdən görmək olar”.
Tokiç təyinatına qədər heç vaxt Azərbaycanda olmadığını vurğulayıb: “Bu ölkə haqda məlumatım az idi. Hərçənd, mehriban məşqçi və oyunçular ora getməklə bəxtlərinin necə gətirdiyini söyləmişdilər. İndi buna özüm əmin ola bilərəm. Azərbaycan böyük potensiala və gözəl insanlara malikdir. Neft və qazdan gələn pullar xüsusilə paytaxt Bakıda çox yaxşı istifadə olunub. Buradakı həyat çox xoşuma gəlir. İstər iqlimi, istər yeməkləri, istərsə də insanları olsun. Yayda Xorvatiyada və Avstriyanın paytaxtı Vyanada oldum. Ancaq indi xüsusilə gərgin beynəlxalq oyunların olduğu payızda Bakıdayam”.
Qeyd edək ki, Mario Tokiç Azərbaycan millisində bu ilin fevralından Nikola Yurçeviçin köməkçisi qismində fəaliyyətə başlayıb.