13 mart 2026. Cümə

Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarına baxış keçiriblər


  • Offside
  • 23:13 12.03.2026
  • Oxunma sayı: 22
Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarına baxış keçiriblər

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Sərsəng su anbarında avarçəkmə və kanoe yarışlarının keçirilməsinin mümkünlüyünü vurğulamasından sonra beynəlxalq idman qurumlarının rəhbərləri bölgəyə səfər ediblər.

90deqiqe.Az xəbər verir ki, Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana martın 12-də Qarabağ bölgəsində yerləşən Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində olublar.

Beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçirərək mövcud vəziyyətlə tanış olublar. Qonaqlara su anbarının potensial imkanları barədə məlumat verilib, burada beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının təşkili perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti 2022-ci ildən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku" və ənənəvi "Mingəçevir Reqatası" beynəlxalq yarışlarının keçirildiyi Suqovuşan su anbarına baş çəkib. Suqovuşanda dövlət tərəfindən yenidən qurulan infrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Səfər çərçivəsində Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində də olublar. Beynəlxalq federasiya rəhbərləri idman bazası ilə tanış olub, avarçəkmə və kanoe üzrə Azərbaycan milli komandalarının məşq prosesini izləyiblər.







Offside