- Offside
- 22:16 19.03.2026
Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, XVIII turun son qarşılaşmasında “Abşeron” səfərdə “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında keçirilən matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə “Gəncə” qələbələrinin sayını 8-ə çatdırıb. “Abşeron”la eyni sayda qələbə qazanan komanda daha çox xal topladığı üçün mövsümü 4-cü pillədə başa vurub.
Beləliklə, XVIII turun yekununa əsasən “Turan”, “DH Volley”, “Milli Aviasiya Akademiyası”, “Gəncə”, UNEC, “Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” pley-off mərhələsinə vəsiqə qazanıblar.
Qaydalara əsasən, 1/4 və 1/2 final mərhələləri iki oyundan (ev və səfər) ibarət olacaq. Ümumi hesab bərabər olacağı halda qalib “qızıl set” vasitəsilə müəyyənləşəcək. Bürünc və qızıl medal uğrunda görüşlər isə bir oyundan ibarət olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunlarına martın 27-də start veriləcək.