23 mart 2026. Bazar ertəsi

Tallində “Novruz Cup” beynəlxalq futzal turniri keçirilib


  • Offside
  • 17:46 23.03.2026
  • Oxunma sayı: 40
Tallində “Novruz Cup” beynəlxalq futzal turniri keçirilib

Estoniyanın Tallin şəhərində türkdilli xalqlar arasında “Novruz Cup” beynəlxalq futzal turniri keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirin təşkilatçısı Estoniya-Azərbaycan “Birlik” icması olub.

Turnirdə Litva, Latviya, Finlandiya və Estoniyadan komandalar iştirak edib. Yarış müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan iştirakçıları bir araya gətirərək, təkcə idman ustalığını deyil, həm də birlik ruhunu nümayiş etdirib.

Püşkatmanın nəticələrinə əsasən komandalar iki qrupa bölünüb. A qrupunda "Baku" (Latviya), "AzeUnited" (Estoniya) və "Birger" (Estoniya) yer alıb. B qrupunda isə "Qarabağ Vilnüs" (Litva), "Qarabağ Tallin" (Estoniya), "Chama" (Finlandiya) və "Birger-2" mübarizə aparıb.

Qrup mərhələsindən sonra yarımfinal oyunları keçirilib. Birinci yarımfinalda "Baku" komandası "Birger-2"ni 2:0 hesabı ilə məğlub edib. İkinci yarımfinalda isə "AzeUnited" gərgin mübarizədə "Qarabağ Tallin" üzərində 4:3 hesablı qələbə qazanıb.

Üçüncü yer uğrunda keçirilən oyunda "Qarabağ Tallin" "Birger-2"ni 2:1 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Final görüşündə "Baku" və "AzeUnited" qarşılaşıb. Matç "AzeUnited" kollektivinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarışların sonunda mükafatlandırma mərasimi keçirilib. Turnir iştirakçıları diplomlar, fərdi mükafatlar, həmçinin kubok və medallarla təltif olunublar.

Tədbir boyu qonaqlar üçün Azərbaycan milli şirniyyatlarından ibarət furşet təşkil olunub.

“Novruz Cup” turnirinin əsas məqsədi Estoniya gəncləri ilə qonşu ölkələrin gəncləri arasında əlaqələri gücləndirməkdir və təşkilatçıların fikrincə, bu məqsədə uğurla nail olunub. Gələcəkdə turnirin coğrafiyasının genişləndirilməsi və Avropanın digər ölkələrindən komandaların dəvət edilməsi planlaşdırılır.(azertac)







Offside