- Offside
- 20:51 26.03.2026
Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
Bu barədə 90deqiqe.Az-a Gənclər və İdman Nazirliyindən xəbər verilib.
İclasda UNESCO-nun Baş direktorunun müavini Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasa qatılıblar.
Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, büronun 2026–2027-ci illər üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.
Büronun ilk rəsmi iclasından əvvəl Fərid Qayıbov martın 26-da “İdmanda dopinqin kökünün kəsilməsi fondu”nun Təsdiq Komitəsinin ikinci rəsmi iclasında büronu təmsil edib.
Qeyd edək ki, nazir həmçinin büroda təmsil etdiyi II Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Səfər çərçivəsində onun Rusiyanın idman naziri Mixail Deqtyarev ilə də ikitərəfli görüşü baş tutub.