26 mart 2026. Cümə axşamı

DÇ-2026-da yeni qaydalar tətbiq oluna bilər


  • Offside
  • 20:51 26.03.2026
  • Oxunma sayı: 73
DÇ-2026-da yeni qaydalar tətbiq oluna bilər

Beynəlxalq Futbol Federasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatında oyun qaydalarına bir sıra dəyişikliklər etməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, yeni qaydalara əsasən, əvəzlənən futbolçu meydanı tərk etmək üçün maksimum 10 saniyə vaxt alacaq. Əgər futbolçu meydanı vaxtında tərk etməzsə, əvəzləmə bir dəqiqə gecikdiriləcək və komanda həmin müddətdə azlıqda oynayacaq.

Topun oyuna daxil edilməsi zamanı da vaxt məhdudiyyəti tətbiq olunacaq. Yan xəttdən topun oyuna daxil edilməsi və qapı zərbələri üçün beş saniyəlik vaxt veriləcək. Bu vaxtın aşılması topa nəzarətin rəqib komandaya keçməsi ilə nəticələnəcək.

Meydanda tibbi yardım alan futbolçu, əgər qayda pozuntusu nəticəsində zədə almayıbsa və həmin epizodda cəza vərəqəsi göstərilməyibsə, meydanı tərk etməli və geri qayıtmaq üçün bir dəqiqə gözləməlidir.

Video köməkçi hakim sistemi artıq ikinci sarı vərəqə epizodlarını (qırmızı vərəqə ilə nəticələnən hallar), həmçinin səhv təyin olunmuş künc zərbələrini də yenidən nəzərdən keçirə biləcək.

Bundan əlavə, yalnız komanda kapitanının hakimə yaxınlaşaraq qərarla bağlı izahat istəməsi qaydası daha ciddi şəkildə tətbiq olunacaq. Digər futbolçuların hakimə etiraz üçün yaxınlaşması sarı vərəqə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir. Argentina yığması 2022-ci il dünya çempionatının finalında Fransa ilə qarşılaşmış, əsas vaxtı 3:3 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında qalib gələrək çempion olmuşdu.







Offside