- Offside
- 16:35 02.04.2026
AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
90deqiqe.Az xəbər verir ki, imzalanma mərasimində çıxış edən Cahangir Fərəcullayev layihənin uşaq futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc futbolçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan yaradacaq:
“Gələcəkdə bu sistemin daha geniş miqyasda – müxtəlif yaş qrupları və liqalar üzrə tətbiqi nəzərdə tutulur. Hesab edirik ki, yaxın iki il ərzində avropalı skautlar oyunçuların məlumatlarını izləyərək azərbaycanlı futbolçuları öz klublarına cəlb edə biləcəklər. Bu isə onların Avropaya transferi üçün əlavə imkanlar yaradacaq”.
“Eyeball” şirkətinin direktoru Manfred Lerli isə bildirib ki, platforma artıq 150-dən çox Avropa klubu tərəfindən istifadə olunur və onların arasında UEFA Çempionlar Liqasının qalibləri də yer alır.
O qeyd edib ki, MLS klubları, ABŞ-nin aparıcı komandaları, həmçinin Afrika və Yaxın Şərqin tanınmış klubları da bu sistemdən yararlanır:
“AFFA-nın bu platformaya qoşulması sevindirici haldır. Uşaq futbolunda tez-tez müşahidə olunan bir məqam var – ilin əvvəlində doğulan uşaqlar fiziki baxımdan daha üstün görünür və bu, skautların qiymətləndirməsinə təsir edir. Lakin zaman keçdikcə bu fərq aradan qalxır və əsl istedadlar üzə çıxır”.
Rəsmi çıxışlardan sonra tərəflər arasında müqavilə imzalanıb. Cahangir Fərəcullayev tərəfindən Manfred Lerliyə xatirə forması təqdim olunub.
Müqaviləyə əsasən, “Eyeball” şirkətinin müasir kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq ediləcək. Bu əməkdaşlıq çərçivəsində oyunların daha dəqiq təhlili, məşq proseslərinin optimallaşdırılması və futbolçuların performansının müasir metodlarla qiymətləndirilməsi mümkün olacaq.
Yeni sistem vasitəsilə komandaların taktiki hazırlığı, oyunçuların fərdi göstəriciləri və statistik məlumatlar daha detallı şəkildə analiz ediləcək. Bu isə ölkə futbolunda texnoloji yeniliklərin tətbiqinə və inkişafına töhfə verməyi hədəfləyir.