6 aprel 2026. Bazar ertəsi

Yeniyetmə voleybolçular arasında Azərbaycan çempionatı başa çatdı


  • Offside
  • 23:58 05.04.2026
  • Oxunma sayı: 45
Yeniyetmə voleybolçular arasında Azərbaycan çempionatı başa çatdı

18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, mükafatçılar bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində müəyyənləşib.

Oğlanların mübarizəsində “Şərqi Zəngəzur RVK” komandası finalda “Ordu”ya 3:0 hesabı ilə qalib gələrək çempionluğa yiyələnib. Bürünc medala isə “Murov Az Terminal” komandası “Bakı RVK” üzərində 3:1 hesablı qələbə ilə sahib olub.

Qızlar arasında isə “Milli Aviasiya Akademiyası” komandası finalda “Lokomotiv”i 3:0 hesabı ilə üstələyərək çempionluq sevinci yaşayıb. Üçüncü yeri isə “Möminə Xatun” komandası tutub; onlar “Oğuz RVK” üzərində 3:0 hesablı qələbə qazanıblar.

Final oyunlarından sonra təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyası ilə müqaviləsi başa çatan milli komandaların baş məşqçisi Şahin Çatma yüksək qiymətləndirilib. AVF prezidenti Şahin Bağırov türkiyəli mütəxəssisə paytaxt və regionlarda voleybolun inkişafına verdiyi töhfələrə görə təşəkkür edib və ona federasiyanın təşəkkürnaməsini təqdim edib.

Gənclərdən ibarət milli komandanın üzvləri isə Şahin Çatmaya yığmanın simvolik formasını hədiyyə ediblər. Türkiyəli mütəxəssis çıxışında AVF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib və yeniyetmə idmançıların gələcəkdə əsas yığmada uğurla çıxış edəcəyinə əmin olduğunu qeyd edib.







Offside