- Offside
- 23:12 09.04.2026
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlığı Bakıda davam etdirirlər.
90deqiqe.Az xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub. Hazırlıq prosesində 9 kişi və 6 qadın olmaqla, yığmanın ümumilikdə 15 üzvü iştirak edir.
Eyni zamanda, məşqlərə Mərakeş, Bəhreyn və İsrail idmançıları da qatılıb.
Avropa çempionatında kişilərdən ibarət yığmaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik rəhbərlik edəcək. Qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.
Avropa çempionatı 16–19 aprel tarixlərində keçiriləcək. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.