- Offside
- 17:38 10.04.2026
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci il üzrə ölkənin 100 ən böyük vergi ödəyicisinin illik siyahılarını açıqlayıb.
Siyahılar dövlət büdcəsinə ödənilmiş vergilərin ümumi məbləği və dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri nəzərə alınmaqla iki istiqamət üzrə tərtib olunub.
Qeyd edək ki, vergi ödəyicilərinin bu siyahılara daxil edilməsi onların ödəniş məlumatlarının açıqlanmasına dair verdikləri rəsmi razılıq əsasında, tamamilə könüllü qaydada həyata keçirilir.
Qarabağ Dirçəliş Fondu (QDF) publik hüquqi şəxs hər iki siyahıda yer alıb. Belə ki, Fond dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan reytinqdə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb.
Fondun bu göstəricisi donorlar tərəfindən təqdim olunan vəsaitlərin məsuliyyətli və səmərəli idarə olunması nəticəsində əldə edilən gəlirliliyi əks etdirir.
QDF-in investisiya fəaliyyəti nəticəsində formalaşan gəlirlər bir tərəfdən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri üçün əlavə maliyyə imkanları yaradır, digər tərəfdən isə vergi ödənişləri vasitəsilə birbaşa dövlət büdcəsinə töhfə verir.
Nəzərinizə çatdıraq ki, 2025-ci ildə Fondun ümumi vergi ödənişləri 19 milyon manat təşkil edib. Bunun 18,5 milyon manatı investisiya gəlirindən əldə olunan mənfəət vergisinin payına düşür.
Qeyd edək ki, bu gəlirin formalaşması Fondun fəaliyyət prinsipləri ilə birbaşa bağlıdır. Yarandığı gündən etibarən QDF fiziki və hüquqi şəxslərin könüllü ianələri hesabına 1,5 milyard manatdan artıq vəsait cəlb edib. Bu isə azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan cəmiyyətində formalaşmış güclü milli həmrəyliyin bariz göstəricisidir.
Toplanan vəsaitlər Fondun prioritetlərinə və “Böyük Qayıdış” dövlət proqramının icrasına uyğun olaraq azad edilmiş ərazilərdə bərpa və inkişaf layihələrinə mərhələli şəkildə yönəldilir. Bununla yanaşı, Fondun uzunmüddətli maliyyə dayanıqlılığını təmin etmək məqsədilə sərbəst vəsaitlər aşağı riskli, konservativ investisiya alətlərində - dövlət və dövlət təsisatlarının istiqrazlarında və dövlət, eləcə də sistem əhəmiyyətli banklarda yerləşdirilən depozitlərdə saxlanılır. Bu yanaşma həm mövcud vəsaitlərin qorunmasına, həm də əlavə maliyyə resurslarının formalaşdırılmasına xidmət edir.
Publik hüquqi şəxs olaraq QDF dividend ödənişləri həyata keçirmir. Bu o deməkdir ki, investisiya fəaliyyətindən əldə olunan hər bir manat birbaşa Fondun azad edilmiş ərazilərdə mədəni irsin və ekoloji tarazlığın bərpası, eləcə də insan kapitalının inkişafı və qayıdan əhalinin dəstəklənməsi ilə bağlı həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesinin infrastruktur mərhələsindən iqtisadi şaxələndirmə və sosial inkişafa keçidi ilə bu əlavə resursların əhəmiyyəti daha da artır və Fondun töhfəsini genişləndirməyə imkan verir.
QDF-in Dövlət Vergi Xidmətinin məlumatların könüllü açıqlanması təşəbbüsündə iştirakı Fondun ictimai hesabatlılıq sahəsində formalaşdırdığı yanaşmanın göstəricisidir.
Fond fəaliyyətə başladığı gündən etibarən audit olunmuş maliyyə hesabatlarını və müstəqil auditor rəylərini rəsmi internet səhifəsində mütəmadi olaraq dərc edir.
Donorların etimadı əsasında fəaliyyət göstərən QDF şəffaflığı imtiyaz deyil, geniş ictimaiyyət qarşısında əsas öhdəlik kimi qəbul edir.
Qeyd edək ki, Fondun 2025-ci il üzrə maliyyə hesabatları hazırda “PwC” şirkəti tərəfindən audit olunur və audit başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.