18 aprel 2026. Şənbə

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb


  • Offside
  • 13:25 18.04.2026
  • Oxunma sayı: 38
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.

Azərbaycan Gimnastika Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, artıq 13-cü dəfədir ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar qatılıblar.

Bu yarışın əsas fərqləndirici cəhəti onun 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır. Belə ki, idmançılar burada qazandıqları nəticələrlə Olimpiadaya vəsiqə uğrunda mühüm addım atacaqlar.

Üç gün davam edəcək yarış çərçivəsində gimnastlar halqa, top, lent və gürzlər ilə fərdi proqramlarda çıxış edəcəklər. Qrup hərəkətlərində isə komandalar 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qüvvələrini sınayacaqlar.

Yarışın ilk iki günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə final çıxışları baş tutacaq. Bu gün start götürən turnirə aprelin 19-da yekun vurulacaq.

Sonda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası ənənəyə uyğun olaraq AGF Trophy mükafatı ilə təltif olunacaq.







Offside