- Offside
- 21:56 19.04.2026
Aprelin 17–19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku keçirilib.
90deqiqe.Az xəbər verir ki, üç gün davam edən yarışda 42 ölkədən 150-dən çox gimnast mübarizə aparıb.
İlk iki gün təsnifat mərhələsinə, son gün isə final yarışlarına həsr olunub. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürz və lent proqramlarında çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.
Çoxnövçülük üzrə nəticələrə əsasən, Taisiia Onofriichuk birinci yeri tutub. Darja Varfolomeev ikinci, Stiliana Nikolova isə üçüncü olub.
Qrup hərəkətlərində 3 halqa və 2 cüt gürz proqramında İsrail qalib gəlib. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü yeri tutub.
Final mərhələsində halqa proqramında qızıl medal Onofriichuk, gümüş Nikolova, bürünc isə Sofiia Ilteriakovaya qismət olub.
Top proqramında Varfolomeev birinci, Sofiya Raffaeli ikinci, Nikolova üçüncü yeri tutub.
Gürz proqramında Varfolomeev qalib gəlib, Ilteriakova ikinci, Onofriichuk isə üçüncü olub. Lent proqramında da Varfolomeev birinci yeri qoruyub, Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü olub.
Qrup hərəkətlərində 5 top proqramında İsrail birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü yeri tutub. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olunub. Fərdi proqramda bu mükafata Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.