- Offside
- 21:46 26.04.2026
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını ümumilikdə 13 medalla başa vurublar.
90deqiqe.Az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə beş çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşib.
61 kq çəki dərəcəsində çıxış edən Nurəddin Novruz bürünc medal uğrunda görüşdə italiyalı Simone Pirodduya məğlub olub.
74 kq-da Turan Bayramov finalda Taymuraz Salmazanova (Slovakiya), 86 kq-da Arseniy Djioyev İbrahim Kadiyevə (UWW) uduzaraq gümüş medala sahib çıxıb.
92 kq-da Ali Tsokayev finalda Ahmed Batayevi (Bolqarıstan), 125 kq-da isə Giorgi Meşvildişvili Vladislav Baytsayevi (Macarıstan) məğlub edərək Avropa çempionu adını qazanıblar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanaraq Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medala sahib çıxıblar. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.