27 aprel 2026. Bazar ertəsi

Boksçularımız Dünya Kubokunda 3 qızıl qazanaraq ikinci yerə yüksəlib


  • Offside
  • 09:53 27.04.2026
  • Oxunma sayı: 5
Boksçularımız Dünya Kubokunda 3 qızıl qazanaraq ikinci yerə yüksəlib

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokuna yekun vurulub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçularımız Vətənə aprelin 29-da qayıdacaqlar.







Offside