- Offside
- 17:00 27.04.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası Ağdərədə start götürüb.
90deqiqe.Az-ın məlumatına görə, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan açılış mərasimində Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Sərsəng su anbarında keçirilən reqatanın qürurverici olduğunu bildirib və təşkilatçılığın ildən-ilə daha da təkmilləşdiyini vurğulayıb.
Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri təqdim olunub, ardınca isə akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə nümunəvi çıxışlar və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində nümayiş yürüşü ilə diqqət çəkib.
Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda 16 ölkədən 100-dən çox idmançı mübarizə aparacaq və reqataya mayın 1-də yekun vurulacaq.