29 aprel 2026. Çərşənbə

Mingəçevirdə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib


  • Offside
  • 20:12 28.04.2026
  • Oxunma sayı: 34
Mingəçevirdə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbir Mingəçevir şəhərində baş tutub və bir sıra rəsmi şəxslər, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yarışın əhəmiyyətindən danışaraq bütün iştirakçılara uğurlar arzulayıb.

“Bu gün möhtəşəm idman yarışının açılışına toplaşmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək”, - deyə o bildirib.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov isə çıxışında turnirin idmanın inkişafı və cəmiyyətdə sağlam həyat tərzinin təbliği baxımından vacibliyini vurğulayıb.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də yarışların yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevayə həsr olunmuş videoçarx nümayiş etdirilib, tədbir bədii proqramla davam etdirilib.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, yarışa ötən gün Sərsəng su anbarında start verilib və reqata mayın 1-də başa çatacaq.







Offside