30 aprel 2026. Cümə axşamı

Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşıdır


  • Offside
  • 15:35 30.04.2026
  • Oxunma sayı: 23
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşıdır

Qarabağ Dirçəliş Fondu (QDF) 2-3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşı qismində çıxış edəcək.

Fond festival günlərində İçərişəhərin dördbucaqlı Qala meydanında qurulacaq interaktiv guşə ilə təmsil olunacaq.

Hər il minlərlə yerli sakini və ölkəmizə gələn xarici turistləri bir araya gətirən Beynəlxalq Xalça Festivalı milli irsimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm platformadır.

QDF yarandığı gündən etibarən müxtəlif platformalar vasitəsilə Qarabağ həqiqətlərinin, eləcə də Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin yerli və beynəlxalq ictimaiyyətə sistemli və ardıcıl şəkildə çatdırılması istiqamətində fəaliyyət göstərir. Fond bu festivalı həm görülən işlərin geniş auditoriyaya çatdırılması, həm də fəaliyyətinin əsas istiqamətlərindən olan ianə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi üçün növbəti mühüm imkan kimi dəyərləndirir.

Fondun fəaliyyətinin ana xəttini təşkil edən ianə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi məqsədilə guşə ərazisində müxtəlif interaktiv fəaliyyətlər nəzərdə tutulub.

Guşədə yerləşdiriləcək xüsusi xalça dəzgahı Qarabağın çoxəsrlik xalçaçılıq irsini yaşadan canlı bir nümunə kimi çıxış edəcək. Fondun maarifləndirmə fəaliyyətinin tərkib hissəsi olan bu təşəbbüs çərçivəsində hər bir ziyarətçi Qarabağ xalçasına rəmzi olaraq öz ilməsini vura biləcək. İlmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq bu xalça, bütövlükdə Qarabağın dirçəliş missiyası yolunda hər bir soydaşımızın zəhmətini, sarsılmaz birlik və bərabərliyini təcəssüm etdirəcək.

“Qarabağın inciləri” interaktiv pazl oyunu vasitəsilə isə ziyarətçilər Qarabağın tarixi və mədəni abidələrinin təsvirlərini bir araya gətirərək rəmzi mənada bərpa prosesində iştirak edəcəklər. Müxtəlif yaş kateqoriyalarından olan çoxsaylı ziyarətçinin marağına səbəb olacaq bu maarifləndirici oyunun yekununda ən yüksək nəticə göstərən iştirakçılara QDF tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq.

Bundan başqa, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri interaktiv guşə ərazisində Qarabağ xalçalarının bənzərsiz motivləri əsasında canlı rəsm nümunələri yaradaraq festivalın yaradıcılıq ruhunu ziyarətçilərə çatdıracaqlar.

Festival zamanı mədəni irslə yanaşı, Qarabağın ekoloji tarazlığının bərpası da diqqət mərkəzində olacaq. Belə ki, Fondun guşəsini ziyarət edən hər bir şəxs azad edilmiş ərazilərdə yaşıllıqların bərpasına və təbiətin dirçəlişinə töhfə vermək imkanı qazanacaq.

Buradakı informativ materiallar və monitorlar vasitəsilə Fondun fəaliyyəti, regionda görülən işlərin cari vəziyyəti və gələcək layihələr barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.

Qarabağ Dirçəliş Fondu olaraq hər kəsi Fondun 2-3 may tarixlərində Qala meydanında qurulacaq guşəsinə dəvət edirik.

 







Offside