30 aprel 2026. Cümə axşamı

“Baku Open 2026”nın açılışı keçirildi - rekord sayda iştirakçı


  • Offside
  • 16:35 30.04.2026
  • Oxunma sayı: 39
“Baku Open 2026”nın açılışı keçirildi   - rekord sayda iştirakçı

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirakçıları salamlayaraq turnirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Baku Open” 2023-cü ildən etibarən ənənəvi şəkildə təşkil olunur və hər il daha geniş miqyas alır:

“Bu festival münasibətilə bütün şahmatsevərləri təbrik edirəm. Turnirdə müxtəlif yaş qruplarını təmsil edən şahmatçılar iştirak edir. Bu il rekord sayda iştirakçı qeydə alınıb. Hamınıza ədalətli mübarizə və uğurlar arzulayıram”.

Daha sonra Azərbaycan Şahmat Turu-2026-nın təqdimat videosu nümayiş olunub.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda şahmatın zəngin ənənələrə malik olduğunu qeyd edib:

“Şahmat ölkəmizdə xüsusi yer tutur və bu sahədə böyük nailiyyətlər əldə olunub. Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilən yarışlar bu idman növünün inkişafına ciddi töhfə verir. Bu gün ölkə başçısı İlham Əliyev Avropa çempionatında fərqlənən idmançıları qəbul edib. Bu, bütün idmançılar üçün əlavə motivasiyadır. Festival iştirakçılarına uğurlar arzulayıram”.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən çox şahmatçı mübarizə aparır. Turnirin mükafat fondu 50 min ABŞ dolları təşkil edir.

Festivalda sabiq dünya çempionu Ruslan Ponomaryov, rapid üzrə dünya çempionu Daniil Dubov, Avropa çempionatının mükafatçısı Nicat Abasov, həmçinin 14 yaşlılar arasında Avropa çempionu Xaqan Əhməd də iştirak edirlər.







Offside