- Offside
- 21:14 30.04.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan təmsilçiləri günü 4 medalla başa vurublar.
Kayak üzrə 1 nəfərlik qayıqda 500 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə ikinci yeri tutaraq gümüş medal qazanıb. Qeyd edək ki, o, yarışın ilk günündə Suqovuşanda keçirilən 200 metr məsafəyə yürüşdə də ikinci olub.
Digər yarışlarda isə 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü (2010-2011 təvəllüdlü) bürünc medala sahib çıxıb.
Akademik avarçəkmədə 1 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov (2008-2009) bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Bu, Azərbaycan millisinin cari reqatada ilk qızıl mükafatı kimi tarixə düşüb.
Günün son medalını isə Niyaz Malikov – İvan Vorobyanski cütlüyü (2008-2009) əldə edib. Onlar 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə üçüncü yeri tutublar.
Yarışın qalibləri medal və müxtəlif hədiyyələrlə təltif olunublar.