30 aprel 2026. Cümə axşamı

Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start verildi


  • Offside
  • 18:46 30.04.2026
  • Oxunma sayı: 28
Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start verildi

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib və paytaxt artıq bir neçə dəfə nüfuzlu beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib.

Daha sonra Avropa Kuboku rəsmi olaraq açıq elan olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastların təqdimatında musiqi sədaları altında rəqs şousu nümayiş olunub.

Qeyd edək ki, bu gün start götürən yarışda 31 ölkədən ümumilikdə 194 idmançı mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir.

Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Gənclər arasında Azadə Atakişiyeva və Ayla İsgəndərli, böyüklərdə isə İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə qüvvələrini sınayırlar.

Avropa Kuboku mayın 3-dək davam edəcək.







Offside