- Offside
- 21:14 30.04.2026
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Mingəçevirdə təşkil olunan yarışlarda Azərbaycan təmsilçiləri günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıblar.
Akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) Azər İlyasov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Kayak üzrə birnəfərlik qayıqda 500 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə ikinci yeri tutaraq gümüş medala sahib çıxıb.
Digər növdə isə Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü (2010–2011 təvəllüdlü idmançılar) ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə üçüncü olaraq bürünc medal əldə edib.
Günün son finalında isə Niyaz Malikov – İvan Vorobyanski cütlüyü (2008–2009 təvəllüdlü idmançılar) 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır.
Reqata mayın 1-də başa çatacaq.