- Offside
- 21:14 30.04.2026
Bakıda keçirilən “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalı rekord iştirakçı sayı ilə diqqət çəkib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında turnirin artıq böyük ənənəyə çevrildiyini bildirib.
Onun sözlərinə görə, yarışın tarixi 1990-cı illərə dayanır və son illərdə beynəlxalq şahmat festivalı formatında təşkil olunur:
“Bu formatda artıq dördüncü turniri keçiririk. Hazırda rekord sayda iştirakçı qeydə alınıb. Yarışa 10 ölkədən 900-dən artıq şahmatçı qatılıb, ümumilikdə isə 15 ölkədən qonaqlar Bakıya gəlib. ‘Baku Open’ Azərbaycan Şahmat Turunun da ilk mərhələsi kimi qəbul olunub. Daha sonra bölgələrdə yarışlar davam edəcək”.
Turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışda dünya şahmatının tanınmış adları da iştirak edir. Onların sırasında sabiq dünya çempionu Ruslan Ponomaryov, rapid üzrə dünya çempionu Daniil Dubov, Avropa çempionatının mükafatçısı Nicat Abasov və 14 yaşlılar arasında Avropa çempionu Xaqan Əhməd yer alır.
“Son turda Məhəmməd Muradlı ilə Aydın Süleymanlı arasında gərgin qarşılaşma baş tutdu. Hər iki şahmatçı qalib gələrsə, çempion ola bilərdi. Nicat Abasov da qızıl medal şansına malik idi, lakin bəxti gətirmədi. Bu vəziyyətdən istifadə edən Ukrayna təmsilçisi turnirin qalibi oldu”, – deyə federasiya prezidenti bildirib.
Bununla belə, Azərbaycan şahmatçıları ümumilikdə uğurlu nəticə əldə ediblər: Nicat Abasov gümüş, Aydın Süleymanlı isə bürünc medal qazanıb. Məhəmməd Muradlı isə turniri 4-cü pillədə başa vurub.
Federasiya rəhbərliyi bu nəticəni yüksək qiymətləndirərək, Azərbaycan şahmatının beynəlxalq arenada güclü mövqeyini qoruduğunu vurğulayıb.