30 aprel 2026. Cümə axşamı

“Yorğun olsam da, qızıl medal qazanacağımı hiss edirdim”


  • Offside
  • 19:54 30.04.2026
  • Oxunma sayı: 39
“Yorğun olsam da, qızıl medal qazanacağımı hiss edirdim”

Ümummilli lider Heydər Əliyev-in anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafədə (2008–2009 təvəllüdlü idmançılar arasında) çıxış edən idmançı yarışdan sonra jurnalistlərə açıqlama verərək qələbəyə gedən yolun asan olmadığını bildirib.

O, son günlərdə İtaliyada keçirilən yarışda iştirak etdiyini və yorğunluğun təsirini hiss etdiyini qeyd edib:

“Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Bir neçə gün əvvəl İtaliyada çıxış etmişdim və yorğunluq hələ də hiss olunurdu. Mənə ‘bacarmayacaqsan’ deyənlər də vardı. Amma özümə güc yığıb qızıl medal qazandım”.

Azər İlyasov həmçinin 4 gün əvvəl İtaliyada keçirilən “Paolo d’Aloja” turnirində qazandığı bürünc medala da toxunub:

“Orada da ciddi hazırlaşmışdım. Təxminən 7 ay idi bu yarışa fokuslanmışdım. Şükürlər olsun ki, əliboş qayıtmadım”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkil etdiyi turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır. Reqatanın mayın 1-də başa çatacağı gözlənilir.







Offside