1 may 2026. Cümə

Mingəçevirdə “Prezident Kuboku 2026” reqatasına yekun vurulur


  • Offside
  • 09:16 01.05.2026
  • Oxunma sayı: 10
Mingəçevirdə “Prezident Kuboku 2026” reqatasına yekun vurulur

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası bu gün başa çatır.

90deqiqe.Az-ın məlumatına görə, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yarışın son günündə qaliblər və mükafatçılar müəyyənləşəcək.

Dünən keçirilən yarışlarda Azərbaycan idmançıları uğurlu çıxışları ilə diqqət çəkiblər. Belə ki, Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar arasında) bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Əlimurad Hacızadə isə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci yeri tutaraq gümüş medala layiq görülüb. O, daha əvvəl 200 metr məsafədə də gümüş medal əldə etmişdi.

Mustafa Vəlizadə – Elmir Tarverdiyev tandemi (2010–2011 təvəllüdlü idmançılar) ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Digər uğurlu nəticə isə Niyaz Malikov – İvan Vorobyanski cütlüyündən gəlib. Onlar 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) üçüncü yeri tutublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır.







Offside