1 may 2026. Cümə

“Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatdı - Azərbaycan 9 medalla yekunlaşdırdı


  • Offside
  • 14:50 01.05.2026
  • Oxunma sayı: 34
“Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatdı  - Azərbaycan 9 medalla yekunlaşdırdı

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən son yarış günündə Azərbaycan idmançıları uğurlu çıxış edərək aktivlərinə daha 4 medal yazdırıblar. Komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İkinəfərlik kayak qayığında (200 metr, 2008-2009 təvəllüdlülər) Tengiz Qaqnidze – Qiyas Əhmədov tandemi bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Eyni növdə Niyaz Məlikov – İvan Vorobyanski cütü finiş xəttini ikinci keçərək gümüş medalla kifayətlənib.

Digər nəticələrə gəlincə, Sənan Cəfərzadə – Tahir Mövsümov dueti (2010-2011 təvəllüdlülər) ikinəfərlik kayakda 1000 metr məsafədə üçüncü olub. Akademik avarçəkmədə (1500 metr, 2008-2009 təvəllüdlülər) Azər İlyasov – Tunar Məmmədzadə cütü də bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan millisi “Prezident Kuboku-2026” beynəlxalq reqatasını ümumilikdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla 9 medalla başa vurub.

20-yə yaxın ölkədən 100-dən artıq idmançının qatıldığı yarışda komanda hesabında Gürcüstan həm akademik avarçəkmə, həm də kanoe növündə qalib gələrək kuboku əldə edib.

Qeyd edək ki, “Prezident Kuboku-2026” beynəlxalq reqatası İlham Əliyevin tapşırığına əsasən ilk dəfə Sərsəng su anbarından start götürüb. Yarışlar daha sonra Suqovuşan və Mingəçevirdə davam etdirilib.







Offside