- Offside
- 22:01 01.05.2026
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisi ilk yarış gününü medalsız tamamlayıb.
90deqiqe.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov bürünc medal uğrunda görüşə yüksəlmək şansı qazansa da, həlledici qarşılaşmada Rusiya təmsilçisi German Kobetsə məğlub olub. Bununla da cüdoçumuz yarışı beşinci pillədə başa vurub.
Qeyd edək ki, İmranov 1/4 final mərhələsində uduzduqdan sonra təsəlliverici görüşdə Fransa idmançısı Simon Lesauvage üzərində qələbə qazanaraq bürünc medal şansını davam etdirmişdi.
Digər təmsilçilərimiz Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) isə turnirdə medal qazanmaq imkanını erkən mərhələlərdə itiriblər.
Xatırladaq ki, turnirə bu gün start verilib və yarışlar mayın 3-dək davam edəcək.