- Offside
- 22:01 01.05.2026
Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir uzun illər federasiyaya rəhbərlik etmiş Oqtay Əsədov və qurumun üzvlərinə fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
İclasın gündəliyi təsdiqləndikdən sonra 2022–2026-cı illəri əhatə edən fəaliyyət hesabatı təqdim olunub və səsvermə yolu ilə qəbul edilib. Daha sonra federasiyanın Nizamnaməsi yeni redaksiyada təsdiqlənib.
Yığıncağın əsas hissəsində rəhbərliyə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev birinci vitse-prezident, Amal Əlili və Orxan Manaflı vitse-prezidentlər təyin olunublar. İdarə Heyətinə isə Ramiz Həmzə-Zadə, Ləman Əliyeva və Elvin Məsimov seçiliblər.
Bununla yanaşı, Nəzarət-Təftiş Komissiyasına da yeni tərkib müəyyənləşib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzv seçiliblər.
Yeni prezident Ənvər Ənvərli çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. Federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.