6 may 2026. Çərşənbə

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub


  • Offside
  • 21:46 06.05.2026
  • Oxunma sayı: 33
“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin rəhbəri Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Mahir Məmmədov “Baku Open” turnirinin 2023-cü ildən etibarən ənənəvi olaraq keçirildiyini xatırladaraq, builki yarışda rekord sayda iştirakçının mübarizə apardığını bildirib. Onun sözlərinə görə, festivalda müxtəlif yaş qruplarını təmsil edən şahmatçılar iştirak ediblər.

Daha sonra son üç ildə keçirilən turnirlərin ən yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş olunub.

Ardınca çıxış edən Fərid Qayıbov Azərbaycanda şahmatın zəngin ənənələrə malik olduğunu vurğulayıb. Nazir bildirib ki, ölkədə bu idman növünün inkişafı üçün mütəmadi yarışlar təşkil olunur və dövlət tərəfindən göstərilən diqqət nəticəsində beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.

Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın isə çıxışında Azərbaycan və Türkiyə arasında idman sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, bu cür yarışların qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini bildirib.

FIDE prezidenti Arkadi Dvorkoviç də Bakıda növbəti dəfə maraqlı və rəqabətli turnirin keçirildiyini vurğulayaraq, şəhərin şahmatın inkişafında mühüm mərkəzlərdən biri olaraq qalacağına inamını ifadə edib.

Sonda qaliblər fəxri fərman, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, turnirdə 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. Ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edən festivalda sabiq dünya çempionu Ruslan Ponomaryov, rapid üzrə dünya çempionu Daniil Dubov, azərbaycanlı qrossmeyster Nicat Abasov və gənclər arasında Avropa çempionu Xaqan Əhməd də mübarizə aparıblar.







Offside