- Offside
- 14:42 09.05.2026
Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarış öncəsi təşkil olunan mətbuat konfransında məlumat verib.
O bildirib ki, Azərbaycanda beynəlxalq velosiped yarışları 2018-ci ilədək uğurla keçirilsə də, sonradan müəyyən səbəblərdən yarışlara ara verilib:
“Pandemiya səbəbindən bir müddət yarışlar dayandırılmışdı. Artıq işğaldan azad olunmuş ərazilərdə velosiped yarışı keçirəcəyik. Bu, sevindirici haldır. Yarış 5 mərhələdən ibarət olacaq və iştirakçılar 21 şəhər və rayonun ərazisindən keçəcəklər”.
S.Ələkbərov qeyd edib ki, bu il yarışın maskotu da xüsusi məna daşıyır:
“Bu il at ili olduğu üçün maskot da buna uyğun seçilib. Qarabağ atları dünyada məşhurdur və bu da seçimdə mühüm rol oynadı”.
Təşkilat Komitəsinin sədri yarışın marşrutu barədə də məlumat verib. Onun sözlərinə görə, yarışın coğrafiyası genişləndirilib və velotur Bakıda başlayaraq Xankəndidə başa çatacaq.
Yarışın mərhələləri:
10 may – Bakı-Sumqayıt
11 may – Bakı-İsmayıllı
12 may – Qəbələ-Mingəçevir
13 may – Gəncə-Naftalan
14 may – Tərtər-Xankəndi
Federasiya rəsmisi bildirib ki, yarışlarda maksimum 25 komandanın iştirakı nəzərdə tutulsa da, bəzi kollektivlər son hadisələrlə əlaqədar turnirdən imtina edib:
“Daha çox komandanın qatılmasını istəyirdik. Lakin müəyyən səbəblərdən bəzi komandalar yarışa gəlmədi və onları digərləri ilə əvəzlədik. Hazırda 24 komanda yarışa tam hazırdır”.
S.Ələkbərov Azərbaycan velosipedinin inkişafı istiqamətində görülən işlərdən də danışıb. O qeyd edib ki, federasiya hazırda milli komandanın gücləndirilməsi üçün həm yerli, həm də xarici mütəxəssislərlə əməkdaşlıq edir:
“Milli komandamız artıq bir sıra beynəlxalq yarışlarda iştirak edib və müəyyən təcrübə qazanıb. Hazırda bütün imkanlarımızı səfərbər etmişik. Xaricdən mütəxəssislər cəlb olunub, bölgələrdə fəaliyyət göstərən bölmələrə də məşqçilər təyin edilib”.
Qeyd edək ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının əsas məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman arenasındakı nüfuzunu artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.