- Offside
- 14:42 09.05.2026
Mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında iştirak edəcək komandalar 4 qitəni təmsil edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer yarış öncəsi keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, yarışın təşkili ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşıb:
“Çox xoşbəxtəm ki, yenidən qayıtmışıq və 2.1 kateqoriyasında yarış keçirəcəyik. Yarışda 20 ölkədən 24 komanda iştirak edəcək. Komandalar 4 qitəni əhatə edir. Həm dağ velosipedi, həm də sürətli velosiped ustalarının mübarizəsini izləyəcəyik. Sprint mərhələləri də olacaq”.
Texniki direktor qeyd edib ki, yarışın mərhələləri barədə daha əvvəl Təşkilat Komitəsinin sədri tərəfindən geniş məlumat verilib və hazırda bütün komandalar starta tam hazır vəziyyətdədir:
“Startdan əvvəl komandaların rəsmi təqdimat mərasimi keçiriləcək”.
Qeyd edək ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı mayın 10-14-də təşkil olunacaq. 5 mərhələdən ibarət yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına dəstək vermək, ölkənin beynəlxalq idman arenasındakı nüfuzunu artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.