- Offside
- 14:42 09.05.2026
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının mükafat fondu 50 min avrodan çox olacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında məlumat verib.
Qurum rəsmisi bildirib ki, mükafat fondu yarışın müxtəlif mərhələləri üzrə qaliblər arasında bölüşdürüləcək:
“Yarışın mükafat fondu 50 min avrodan çoxdur. Bu məbləğ qaliblər arasında paylaşdırılacaq. Həm sprint, həm də dağ velosipedi yarışlarında hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq”.
S.Ələkbərov qeyd edib ki, gələcək illərdə yarışın marşrutunun daha da genişləndirilməsi nəzərdə tutulur:
“Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək imkanımız var. Növbəti illərdə yarışın Kəlbəcərdə də keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkənin beynəlxalq idman arenasındakı nüfuzunu artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.