10 may 2026. Bazar günü

Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır


  • Offside
  • 22:41 10.05.2026
  • Oxunma sayı: 44
Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır

Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.

90deqiqe.Az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. Milli Vyetnamdan 1 dəst medalla qayıdır.

Əşrəf Aşırovun (90 kiloqram) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.

Sahib Dadaşov (80 kiloqram) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.

Rübail İbrahimli (70 kiloqram) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65 ) sonra 3-cü yeri tutub.







Offside