- Offside
- 21:17 11.05.2026
“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışına maraq kifayət qədər yüksəkdir."
90deqiqe.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov bildirib.
O, turnirin həm təşkilatçılıq, həm də baxımlılıq baxımından uğurlu alındığını vurğulayıb:
“II mərhələ çox baxımlı keçdi. Çox şadıq ki, Olimpiya çempionu Aleksandr Vinokurov bizim qonağımızdır. Onun komandasının üzvü bu gün qalib oldu. Turnirə maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik”, – deyə S.Ələkbərov qeyd edib.
Xatırladaq ki, yarışın ikinci mərhələsinin qalibi “Astana” komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov olub. İlk mərhələdə isə Çinin “Li-Ninq Star” klubunun belaruslu üzvü Aleksey Şnirko hamını qabaqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.
Mayın 14-də başa çatacaq yarışın son mərhələsi Xankəndi şəhərində keçiriləcək.