- Offside
- 09:44 12.05.2026
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi bu gün start götürür.
90deqiqe.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı nüfuzlu yarışının növbəti mərhələsində iştirakçılar 162,9 kilometrlik məsafədə mübarizə aparacaqlar. Velosipedçilər Qəbələdən start götürərək Mingəçevirə qədər pedal çevirəcəklər.
Yarışın ilk mərhələsinin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olmuşdu. İkinci mərhələdə isə Qazaxıstanın “Astana” klubunun təmsilçisi Yevgeni Fyodorov finiş xəttini hamıdan öncə keçərək qələbə qazanıb.
Beş mərhələdən ibarət olan beynəlxalq turda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur.
“Bakı–Xankəndi” velosiped yarışına mayın 14-də yekun vurulacaq. Turnirin son mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.