- Offside
- 21:17 13.05.2026
“Azərbaycanın hər bölgəsində gözəl mənzərə var. Yarış kifayət qədər maraqlı keçir”.
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti və “Bakı–Xankəndi” veloyürüşünün Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında deyib.
O bildirib ki, beynəlxalq yarışın iştirakçıları və xarici qonaqlar turnirin təşkilindən razılıq ifadə ediblər:
“Bu turnirin iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcəklər. Onlar ölkəmizin təbiətini çox bəyəniblər. Təhlükəsizlik baxımından da hər şey qaydasındadır”.
S.Ələkbərovun sözlərinə görə, ölkədə velosiped idman növünün inkişafı istiqamətində ardıcıl işlər görülür:
“Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə velosiped bölmələri yaratmışıq. Bu, Qazaxda da nəzərdə tutulur. Orada da bu idman növünə maraq böyükdür”.
Federasiya rəsmisi həmçinin “Bakı–Xankəndi” yarışı öncəsi Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, məqsəd gənclər arasında velosiped idmanına marağın artırılmasıdır.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən 2.1 kateqoriyası üzrə təşkil olunan “Bakı–Xankəndi” beynəlxalq veloyürüşündə dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır.
Beş mərhələdən ibarət yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Turnirə mayın 14-də yekun vurulacaq.