13 may 2026. Çərşənbə

“Azərbaycanın təbiəti möhtəşəmdir”


  • Offside
  • 14:57 13.05.2026
  • Oxunma sayı: 6
“Azərbaycanın təbiəti möhtəşəmdir”

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsinin qalibi olan italiyalı velosipedçi Marko Manenti Azərbaycandan və yarışın təşkilindən razılığını ifadə edib.

90deqiqe.Az-ın məlumatına görə, idmançı bunu mərhələdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qələbənin çətin mübarizə şəraitində qazanıldığını vurğulayıb:

“Çətin mərhələ idi. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Başlanğıcda bir az rəqiblərimlə məsafə yarandı. Bu, komandamız üçün çox böyük nailiyyətdir”.

İtaliyalı velosipedçi sabah keçiriləcək son mərhələnin də gərgin keçəcəyini qeyd edib:

“Sabah da çətin olacaq. Komanda olaraq yaxşı nəticə əldə etməyə çalışacağıq. Bu qələbə komandamız üçün başlanğıc idi. Növbəti mərhələdə də xallar qazanacağımıza inanırıq. Bu, bizim üçün çox önəmlidir”.

Bardiani CSF Faizane komandasının üzvü 2026-cı ildə böyüklər arasında ilk qələbəsini məhz Azərbaycanda qazandığını da diqqətə çatdırıb:

“Ötən ilə qədər U-23 kateqoriyasında idim. Bu, böyüklər arasında ilk qələbəmdir. Azərbaycanı çox sevdim. Ölkənizin təbiəti möhtəşəmdir”.

Qeyd edək ki, Union Cycliste Internationale (UCI) tərəfindən 2.1 kateqoriyası üzrə təşkil olunan yarışda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır.

Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Son mərhələ isə Xankəndi şəhərində keçiriləcək.







Offside