17 may 2026. Bazar günü

Azərbaycan şahmatçılarından Astanada möhtəşəm nəticə: 2 qızıl, 1 bürünc medal


  • Offside
  • 17:55 17.05.2026
  • Oxunma sayı: 8
Azərbaycan şahmatçılarından Astanada möhtəşəm nəticə: 2 qızıl, 1 bürünc medal

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat çempionatı keçirilib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış kişilər, qadınlar və 16 yaşadək komandalar arasında təşkil olunub.

Azərbaycanın qadınlardan ibarət yığması turnirdə parlaq çıxış edərək çempion olub. İlahə Qədimovanın kapitanı olduğu kollektiv heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova ilə altı görüşdə dörd qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə edib. 10 xal toplayan millimiz yekunda birinci yeri tutaraq qızıl medallara sahib çıxıb. Ev sahibi Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü pillədə qərarlaşıb.

U-16 yaş kateqoriyasında da Azərbaycan komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərid Abbasovun rəhbərlik etdiyi kollektivin heyətində Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova mübarizə aparıblar. Komanda altı turda beş qələbə qazanaraq 10 xal toplayıb və qızıl medallara layiq görülüb. Gümüş və bürünc medallar isə Qazaxıstanın birinci və ikinci komandalarına qismət olub.

Kişilərdən ibarət Azərbaycan yığması isə çempionatı bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin yer aldığı komanda altı turda üç qələbə qazanıb. 7 xal toplayan şahmatçılar yekun sıralamada üçüncü yeri tutublar.

Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin çempionatını 2 qızıl və 1 bürünc medalla tamamlayıblar.

 

 







Offside