- Offside
- 21:38 17.05.2026
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.
Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi daha iki medal qazanıb.
Tunar Həsənov (45 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli rəqibi Buğra Eldemir üzərində 5:2 hesablı qələbə qazanaraq Avropa çempionatını üçüncü pillədə başa vurub.
İbrahim Həsənov (51 kiloqram) isə final qarşılaşmasında Türkiyə təmsilçisi Məhəmməd Qolhaya heç bir şans verməyib. Rəqibini 11:3 hesabı ilə məğlub edən güləşçimiz qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə – 11:1 hesabı ilə qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Nurəddin Mustafayevə 0:8 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan millisi U-17 Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 7 medalla başa vurub.