- Offside
- 23:59 19.05.2026
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çexiyanın qadınlardan ibarət “Slovaçko” klubunun sabiq məşqçisi Petr Vlahovski ilə bağlı qərar verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Qərara əsasən, Vlahovski ömürlük futboldan uzaqlaşdırılıb. O, həmçinin məşqçi lisenziyasından məhrum edilib.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində onun 2019–2023-cü illər arasında komanda üzvlərinə qarşı ciddi etik qayda pozuntularına yol verdiyi müəyyən edilib.
Məhkəmə həmçinin sabiq məşqçiyə şərti həbs cəzası təyin edib və zərərçəkmiş futbolçuların hər birinə kompensasiya ödəməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, araşdırma çərçivəsində 15 futbolçunun zərərçəkdiyi müəyyən olunub. Vlahovski daha əvvəl Çexiya qadın futbolunda perspektivli mütəxəssislərdən biri hesab edilirdi və “Slovaçko” ilə UEFA Çempionlar Liqasının seçmə mərhələsinə qədər yüksəlmişdi.