- Offside
- 22:50 20.05.2026
Türkiyənin Antalya şəhərində keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, klassik yay proqramı üzrə yarışan qarışıq komanda 1/16 final mərhələsində Moldova yığmasını 5:3 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Azərbaycanı bu kateqoriyada Məhəmmədəli Əliyev və Fatimə Hüseynli təmsil edirlər. Millimiz növbəti mərhələdə Türkiyə yığması ilə üz-üzə gələcək.
Qadınlardan ibarət Azərbaycan millisi də Avropa çempionatında növbəti mərhələyə adlayıb. Yığmamız 1/16 finalda Çexiya komandasını 6:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Komandanın heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıblar.
Qadınlardan ibarət millimiz 1/8 final mərhələsində İtaliya yığması ilə qarşılaşacaq.