22 may 2026. Cümə

Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib


  • Offside
  • 12:35 22.05.2026
  • Oxunma sayı: 35
Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib

Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, eləcə də hesabat dövründə vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən federasiya prezidenti Mahir Məmmədov qonaqları, iştirakçıları və media nümayəndələrini salamlayaraq tədbiri açıq elan edib.

Daha sonra söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Nazir çıxışında Azərbaycan şahmatının son illərdə qazandığı uğurları yüksək qiymətləndirib və bu nailiyyətlərin ölkə idmanının inkişafında mühüm rol oynadığını vurğulayıb.

Prosedura uyğun olaraq konfransın yetərsay əsasında səlahiyyətli olduğu elan edildikdən sonra Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair geniş hesabat təqdim edib. Tədbirdə həmçinin Azərbaycan şahmatının ötən il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Federasiyanın müfəttişi Rauf Hacılı 2025-ci ilin büdcə hesabatını iştirakçıların diqqətinə çatdırıb. Müzakirələrdən sonra maliyyə hesabatı təsdiqlənib, eyni zamanda 2026-cı il üçün nəzərdə tutulan büdcə planı barədə məlumat verilib.

Konfrans çərçivəsində AŞF-nin yeni loqosu və yenilənmiş rəsmi veb-saytı da ictimaiyyətə təqdim olunub.

Bununla yanaşı, federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, eləcə də Qadın və Sosial məsələlər üzrə komissiyalarının 2025-ci ildə gördüyü işlərə dair hesabatları dinlənilib.

Tədbirin sonunda Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib və Azərbaycan şahmatının inkişafı istiqamətində fəaliyyətin davam etdiriləcəyini qeyd edib.







Offside