- Offside
- 11:57 23.05.2026
23 May – Beynəlxalq Güləş Günü münasibətilə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Şamaxıda seminar təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, tədbirdə idman jurnalistləri, federasiya nümayəndələri və güləş ictimaiyyətinin üzvləri iştirak ediblər.
Seminarın əsas məqsədi güləş idman növündə tətbiq olunan yeniliklər, beynəlxalq qaydalarda edilən dəyişikliklər və onların praktik əhəmiyyəti barədə iştirakçıların məlumatlandırılması olub.
Seminarda çıxış edən AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev son dövrlərdə güləş qaydalarında aparılan dəyişikliklərdən danışıb. O qeyd edib ki, yeni qaydalar yarışların daha dinamik, şəffaf və tamaşaçılar üçün maraqlı keçməsinə hesablanıb.
Bununla yanaşı, hakimlik sistemi, xal hesablanması və müxtəlif texniki məqamlarla bağlı yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində jurnalistlərin sualları cavablandırılıb, beynəlxalq arenada tətbiq olunan qaydaların Azərbaycan güləşinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxış edənlər bu cür maarifləndirici görüşlərin mütəmadi təşkilinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbir çərçivəsində idman jurnalistləri arasında intellektual yarış da təşkil olunub.