28 may 2026. Cümə axşamı

Yannik Sinner mübarizəni erkən dayandırıb


  • Offside
  • 21:27 28.05.2026
  • Oxunma sayı: 42
Yannik Sinner mübarizəni erkən dayandırıb

Mövsümün ikinci Böyük Dəbilqə turniri olan Fransa Açıq çempionatında sensasiya yaşanıb.

90deqiqe.Az-ın məlumatına görə, kişi tennisində dünya reytinqinin bir nömrəsi olan italiyalı Yannik Sinner turnirlə ikinci mərhələdə vidalaşıb.

Fransanın paytaxtı Parisdə keçirilən yarışın beşinci oyun günündə argentinalı Xuan Manuel Serundolo ilə qarşılaşan Sinner ilk iki seti 6:3 və 6:2 hesabı ilə qazanıb. İtaliyalı tennisçi üçüncü setdə 5:1 hesabı ilə öndə olarkən qıcolmalar səbəbindən tibbi fasilə götürməyə məcbur qalıb.

Kortdakı mikrofonlardan Sinnerin başının fırlandığını və ürəyinin bulandığını dediyi eşidilib. Fasilədən əvvəl və sonra ardıcıl xal itirən italiyalı tennisçi üçüncü seti 5:7 hesabı ilə rəqibinə verib.

Səhhətindəki problemlər davam edən Sinner dördüncü və beşinci setlərdə də 1:6 hesabı ilə məğlub olub. Nəticədə Serundolo növbəti mərhələyə yüksəlib.

24 yaşlı tennisçi torpaq örtüklü mövsümdə Madrid, Monte Karlo və Romadakı yarışlarda çempion olmuşdu. O, ardıcıl altı “Masters 1000” turnirini qazanan ilk tennisçi kimi tarixə düşmüşdü. İspaniyalı Karlos Alkarasın yoxluğunda Sinner Fransa Açıq çempionatının əsas favoritlərindən biri hesab edilirdi.







Offside