- Offside
- 15:57 31.05.2026
Azərbaycan cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokuna uğurlu start verib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın ilk günündə yığmamızın aktivinə bir qızıl medal yazılıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Azərbaycanlı cüdoçu finala gedən yolda Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçiləri üzərində inamlı qələbələr qazanıb.
Məhəmməd Musayev həlledici qarşılaşmada Serbiya idmançısı Marko Yorqiçlə üz-üzə gəlib. Cüdoçumuz rəqibini ipponla məğlub edərək qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, bir qızıl medalla Azərbaycan millisi oğlanların medal sıralamasında birinci, ümumi komanda hesabında isə beşinci pillədə qərarlaşıb.