- Offside
- 15:57 31.05.2026
Azərbaycanın stolüstü tennis üzrə milli komandaları Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxışlarını davam etdirirlər.
90deqiqe.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, qadınlardan ibarət yığma ikinci turun bütün görüşlərini qələbə ilə başa vuraraq turnir cədvəlinin zirvəsinə yüksəlib.
Baş məşqçi Fərhad İsmayılovun rəhbərlik etdiyi komandada Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərova çıxış ediblər. Yığma Astanada keçirilən ikinci tur çərçivəsində keçirdiyi səkkiz qarşılaşmanın hamısında qalib gəlib.
Kişilərdən ibarət komanda da uğurlu nəticələri ilə diqqət çəkib. Gənclər yığmasının baş məşqçisi Ramil Cəfərovun rəhbərlik etdiyi kollektiv Taraz şəhərində baş tutan yeddi oyunun hamısından qələbə ilə ayrılıb. Komandanın heyətində Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadə yer alıblar.
İki turun yekununa əsasən, həm qadınlar, həm də kişilərdən ibarət Azərbaycan komandaları 12 kollektivin mübarizə apardığı Avrasiya Liqasının turnir cədvəlinə liderlik edirlər.
Qeyd edək ki, Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının iştirak etdiyi yarışın növbəti mərhələləri sentyabr və dekabr aylarında keçiriləcək.