- Offside
- 22:54 02.06.2026
Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.
90deqiqe.Az AMF-yə istinadən xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrini təmsil edən üzv assosiasiyaların nümayəndələri bir araya gəliblər.
Baş Assambleya çərçivəsində minifutbolun gələcək inkişaf perspektivləri, strateji hədəflər və qarşıdakı beynəlxalq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin federasiyanın fəaliyyəti, üzv qurumlar arasında əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da populyarlaşdırılması ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik minifutbolun inkişafına göstərilən dəstəyə görə üzv assosiasiyalara təşəkkür edib. O, federasiyalar arasında sıx əməkdaşlığın bu idman növünün beynəlxalq arenada daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Baş Assambleya Avropa minifutbol ailəsinin nümayəndələrini bir araya gətirərək gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayıb.