- Offside
- 18:35 04.06.2026
Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbir iştirakçı ölkələrin komandalarının təntənəli paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov layihənin artıq altıncı dəfə həyata keçirildiyini vurğulayıb. Nazir bildirib ki, turnirə maraq ildən-ilə artır və bu gün yarış beynəlxalq idman təqvimində özünəməxsus yer tutur.
Onun sözlərinə görə, yarış indiyədək iki dəfə yerli, dörd dəfə isə beynəlxalq formatda təşkil olunub.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev isə çıxışında ölkədə üzgüçülüyün inkişaf dinamikasının yüksəldiyini qeyd edib. O, turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb və yarışın dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulacaq.